İkinci Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun iştirakçıları «Yanardağ» Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğunda olmuşlar

 

Bakıda keçirilən İkinci Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun iştirakçıları "Yanardağ" Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğunda olmuşlar.

AzərTAc xəbər verir ki, qonaqlara "Yanardağ" Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğu barədə məlumat verilmişdir.

Bildirilmişdir ki, bu ərazi Prezident İlham Əliyevin Sərəncamı ilə 2007-ci ildə qoruq elan edilmişdir. Nadir təbiət abidələrindən olan "Yanardağ"ın ərazisi haqqında çox qədim mənbələrdə məlumat verilir.

 "Yanardağ" Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğunun direktoru Malik Fətullayev qonaqları zəngin neft və qaz yataqlarının mövcud olduğu Azərbaycanda görməkdən məmnunluğunu bildirmişdir.

Azərbaycanın əbədi "Odlar diyarı" kimi tanınmasında "Yanardağ" Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğunun əhəmiyyətindən danışan M.Fətullayev bu məkanın ölkəmizdə tarixi, mədəniyyət və təbiət abidələrinin toplandığı elmi-tədqiqat müəssisəsi olduğunu diqqətə çatdırmışdır.

Forumun iştirakçıları, həmçinin dünya şöhrətli yaponiyalı rəqs ustası Ko Murobuşinin "Atəş" rəqsinə tamaşa etmişlər.

Ko Murobuşi dünya səhnələrindəki çıxışları kimi, bu dəfə də "Alov" rəqsinin möhtəşəm nümunələrini tamaşaçılara təqdim etmişdir.

Bakıda olmağından məmnunluğunu bildirən Ko Murobuşi Azərbaycanda mədəniyyət və incəsənət sahəsinə dövlət qayğısını yüksək qiymətləndirmişdir.

Ko Murobuşi demişdir: "Bu rəqsimi çoxdan gözləyirdim. Hisslərimi sözlə ifadə edə bilmirəm. Burada çıxış etmək böyük məsuliyyət tələb edir".

Ko Murobuşi ötən əsrin 60-cı illərinin sonlarından tanınmağa başlamışdır və hazırda müasir alov rəqsinin ən parlaq simalarından biridir.

Beynəlxalq musiqi arenasının misilsiz incisi hesab edilən dünya şöhrətli rəqqas indiyədək bir sıra mükafatların laureatı olmuş və çoxsaylı uğurlara imza atmışdır.

 

Azərbaycan.-2013.- 4 iyun.- S.6.